Sentyabrın 9-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Unikal" xəbər verir ki, Qazaxıstan Prezidenti, ilk növbədə, ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Respublikası Prezidentinin iştirakını xüsusi qeyd edib.
Prezident İlham Əliyev Məşvərət görüşünə dəvətə görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti öz növbəsində Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb.
Bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub.
Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
***14:26
Qazaxıstan və Azərbaycan prezidentləri arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Tengrinews.kz nəşri məlumat yayıb.
Telefon danışığı zamanı Kasım-Jomart Tokayev V Ümumdünya Köçəri Oyunlarına nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib. Tokayev strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın yüksək dinamikasını qeyd edib.
Qazaxıstan prezidenti iki ölkə xalqlarının daha da yaxınlaşması üçün sentyabrın sonunda Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Gülayə Mecid