9 sentyabr Beynəlxalq Gözəllik Günüdür. Bu tədbirin yaradılması təşəbbüsü 1995-ci ildə Beynəlxalq Kosmetologiya və Estetika Komitəsi tərəfindən irəli sürülüb. Sözügedən bayram bəzi ölkələrdə bərbərlər və kosmetoloqlar, stilistlər və vizajistlər, plastik cərrahlar və masaj terapevtləri tərəfindən qeyd olunur.
“Gözəllik ondur, doqquzu dondur” ifadəsinə əsaslanaraq deyə bilərik ki, bu gün gözəlliyinə gözəllik qatmaq istəyənlər daha çox kosmetoloqa və estetikaya üz tutur.
Bəs, bunun səbəbi nədir?
“Bu gün texnika əsridir, texnologiya dövrüdür, hər kəs məlumat portallarından istifadə edir, informasiya alır və görür. Beləliklə, bir çox insan özlərini bəzi məşhurlara, tanınmışlara bənzətməyə çalışır”.
Bunu “Unikal”a açıqlamasında kosmetoloq Zümrüd Rəhimova deyib.
Onun sözlərinə görə, bu hal keçmiş zamanlarda da olub, lakin o dönəm bugünki kimi estetik əməliyyatlar geniş yayılmamışdı:
“Estetikanı daha çox səhnə adamlarında görmək mümkündür. İnsanlar ötən əsrin 50-60 illərində parlayan ulduzları özü üçün kumer seçdi, müğənniyə, aktrisaya bənzədənlər oldu. Məsələn, aktrisa Amalya Pənahovaya bənzəmək istəyənlər var idi. Özünü ona bənzədən insanlar bunun mümkün olacağını bilmirdilər və absurd adlandırırdılar. Çünki həmin dönəm bunu əməliyyatla nadir hallarda, daha doğrusu imkanlı şəxslər edə bilirdi. Müəyyən zaman keçdikdən sonra məlum oldu ki, bu əməliyyatlar əlçatandır. Estetik əməliyyatları və yaxud kosmetolji prosedurları yuxarı təbəqənin insanları edirdilər. Buraya müğənnilər, aktrisaları misal göstərmək olar. Buna baxmayaraq onlar da estetik olduqlarını gizli saxlayırdılar. Bu hal isə indi tamamilə fərqlidir. Müəyyən zamandan sonra insanların, tibbin, texnikanın və ən əsası sosial şəbəkənin inkişafı artıq göstərdi ki, bu hal adi bir vətəndaş üçün də əlçatandır, mümkündür. Bir zaman var idi ki, bu hallar maddi baxımı yüksək olan insanlar üçün əlçatan idi, indi isə hər kəs üçün... İndi bu sahəni öyrənən, hər bir kəs istər işində peşəkar olsun, istərsə də qeyri-peşəkar uzmanlar bu işlə məşğuldur. Bu gün daha geniş yayılmış gözəllik prosedurlarından biri də botoksdur. Əvvəllər botoks terapiyasi nevrologiya sahəsində istifadə olunurdu. Hansısa bir iflic sonrası əzələlərin əvvəlki vəziyyətinə qayıtması üçün bu terapiyadan istifadə olunurdu. Artıq biz bu botoks toksinlərdən mimik qırışların qarşısını almaq və yaxud azaltmaq üçün istifadə edə bilərik. Və effekti də çox yaxşı oldu. Top 3-də dayanan prosedurlardan biridir”.
Kosmetoloq boto-terapiyaların fəsadlarının qaçınılmaz olduğunu da bildirib:
“Botoks zamanı xüsusi bakteriyalar vardır ki, zəhəri sintez edirlər. Onlar müxtəlif fraksiyalar alırlar. Və boto-terapiya hansısa qırış yaradan və yaxud deformasiyaya uğrayan dərini yenidən bərpa edir. Botoksun fəsadı həkimdən də asılı ola bilər. Səriştəsiz, təcrübəsiz və yaxud ali bir sertifikatı, diplomu olmayan adi bir gözəllik salonunda çalışan həkim prosedur zamanı ciddi səhvə yol verə bilər. Burada insan dərisi də xüsusi rol oynayır. Ola bilər ki, dəri hər hansı mayeyə qarşı həssasdır yaxud allergikdir. Bütün bu prosedurlar diqqətlə nəzərdən keçirməli və düzgün həkim tapmalısınız”.
Zümrüd Rəhimova onu da bildirib ki, erkən yaşlarda kosmetik və estetik əməliyyatlara qaçmaq olmaz:
“Hər xanım baxımlı və gözəl olmağa layiqdir. Lakin bu gün bəzi gənc xanımlarımız vardır ki, erkən yaşlarda estetik və plastik əməliyyatlar etdirirlər. Bunun fəsadları da ola bilər. Mən tövsiyyə edərdim ki, dərinizə, özünüzə qulluğu 30 yaşdan sonra edəsiniz. Bu insanlardan da asılıdır. Dəriyə qulluq hər zaman lazımdır və təbii ki, söhbət düzgün qulluqdan gedir”.
Gülayə Mecid