Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, emal etmə, göndərmə və satma  qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxslər- Nağıyev Zakir Mətləb oğlu və Əliyev Elşad Rəşad oğlunun məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Səbuhi Hüseynov cinayət işinin aidiyyatı üzrə göndərilməsi barədə qərar qəbul etdi. Belə ki, cinayətin başa çatdığı yer Sumqayıt ərazisi olduğu üçün cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərildi. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,  Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Belə ki, Baş İdarənin əməkdaşlarının Sumqayıt şəhərinin Yaşma bağları adlanan ərazisində keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş şəxslər - Elşad Əliyev və Zakir Nağıyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün saxlanılıblar.
Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı Elşad Əliyev və Zakir Nağıyevin vaxtaşırı olaraq "Rəsul", “Rza” və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub. Saxlanılan şəxslər həmin narkotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin “qartalın burnu” kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.

Qeyd edək ki, Elşad Əliyev va Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.

Seymur Əli