Yeni tədris ilində UNEC-in Elmi Şurasının ilk iclası keçirilib.
"Unikal" xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradov şura üzvlərini yeni tədris ili münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Elmi Şurada Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Söhrab İsayev 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunlarına dair hesabatla çıxış edib. Bildirilib ki, universitet üzrə 15474 tələbə yaz imtahan sessiyasında iştirak edib. Test üsulu ilə imtahanlarda müvəffəqiyyət göstəricisi 90%, yazılı imtahanlarda 83 %, elektron-yazılı imtahanlarda isə 95% olub.
Elmi Şuranın qərarı ilə yeni tədris ilindən bütün ixtisas fənləri (646 fənn) üzrə imtahanların yazılı, qeyri-ixtisas fənləri (343 fənn) üzrə isə test üsulu ilə aparılacağı qeyd olunub. Yazılı imtahanların artıq elektronlaşdırıldığı və dəyişikliklərin I kursdan tətbiq ediləcəyi diqqətə çatdırılıb.
Sonra Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevin 2023/2024-cü tədris ilinin Yay semestrinin təşkili ilə bağlı hesabatı dinlənilib. Qeyd olunub ki, bu ilki yay semestrində UNEC-lə yanaşı, digər ATM-lərin tələbələri də daxil olmaqla, 1065 tələbə iştirak edib. Yay semestri 86 qrupda 72 fənn üzrə və 4 dildə təşkil olunub.
Tədris üzrə prorektor dosent Gəray Musayev isə 2024/2025-cü tədris ilində UNEC-ə bakalavriat və magistratura səviyyələri üzrə qəbulun nəticələri barədə məlumat verib. UNEC üzrə qəbulun bakalavriatura üzrə 98,5%, magistratura üzrə 95,4%, MBA proqramı üzrə 94%, SABAH magistraturasında 100% yerinə yetirildiyini bildirib. Təkrar ali təhsilə bu il qəbul olanların sayının isə 229 nəfər olduğunu diqqətə çatdırıb.
Hesabatda UNEC-ə yüksək bal toplayaraq, qəbul olanların sayının ildən-ilə artdığı da qeyd olunub. Belə ki, UNEC-ə qəbul olmuş bütün tələbələrin 78 faizinin dövlət sifarişli, 22 faizinin isə ödənişli tələbələr olduğu deyilib. 600 və daha yüksək balla UNEC-ə qəbul olanların sayının ötən illə müqayisədə 89.4 faiz artdığı, ölkə üzrə 600-dən çox bal toplayanların 14.4 faizinin məhz UNEC-i seçdiyi vurğulanıb.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib. Şurada keyfiyyət təminatına dair hesabat, ailə vəziyyətinə görə akademik məzuniyyət verilməsi qaydaları, xarici dilin tədrisinin təşkili və təkmilləşdirilməsinə dair təkliflər dinlənilərək, qəbul edilib. Eləcə də, elmi fəaliyyətin nəticəliliyinin artırılması məqsədilə mövcud qaydalara dəyişikliklər olunub.
Şuranın qərarı ilə UNEC-də 2 tədqiqat mərkəzi - Marketinq, İstehlakçı Davranışı və Brendinq ilə İqlim Dəyişiklikləri və İstixana Qazlarının İdarəedilməsi tədqiqat mərkəzləri də yaradılıb.