Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində torpaqlardan təyinatına uyğun və səmərəli istifadəsinə nəzarət edilməsi, torpaqların əsassız zəbt olunması, mühafizə zonaları ilə bağlı pozuntuların və qanunsuz tikintilərin qarşısının alınması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

"Unikal" xəbər verir ki, Ağstafa rayonunun Torpaq ehtiyatlarından səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi barədə Ağstafa RİH başçısının müvafiq Sərəncamı ilə Rayon İcra Hakimiyyəti, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi, İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsi və Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis Şöbəsinin məsul şəxslərindən ibarət yaradılmış İşçi Qrupu monitorinqlərini davam etdirir. 

Həyata keçirilən növbəti monitorinq zamanı Ağstafa rayonu ərazisindəki 192 № li Ceyrançöl qış otlağı ərazisinin 25 hektarından (əvvəllər Qazax rayonu Avtomobil nəqliyyatı müəssisəsinin yardımçı təsərrüfatı olmuş) “Carçıoğlu Qrup” MMC-nin nümayəndəsi Carçıyev Eldar Murtuz oğlu tərəfindən zəbt olunaraq  İcarə müqaviləsi olmadan qanunsuz olaraq əkin işləri apardığı müəyyən olunmuşdur. Qanun pozuntusunun qarşısının alınması ilə əlaqədar dəfələrlə E.Carçıyevə yazılı və şifahi xəbərdarlıqların olunmasına baxmayaraq nəticəsiz qalmışdır. Monitorinq zamanı zəbt olunmuş torpaq sahəsinin   əvvəlki vəziyyətinə gətirilməsi yönündə yerində aidiyyəti dövlət qurumlarının iştirakı ilə əməli tədbirlər həyyata keçirilmişdir. 

Sonrakı mərhələdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələblərinin pozulması ilə bağlı E.Carçıyev tərəfindən törədilmiş cinayət əməllərinin əlamətləri üzrə materiallar toplanılmış, baxılması üçün aidiyyəti üzrə Ağstafa rayon Prokurorluğuna təqdim olunacaqdır.

İşçi Qrupu tərəfindən Ağstafa rayonu ərazisində monitorinqlərin keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.