Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

"Unikal" xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki,  Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məhz məqsədyönlü siyasət və düşünülən strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir. Müəyyənləşdirilən hədəflərə nail olunması istiqamətində əldə olunan uğurlarda dövlətin qayğısı əsas rol oynayır. Təhsilə ümumi inkişafın tərkib hissəsi kimi yanaşan Ulu Öndər Heydər Əliyev deyirdi: “Təhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdir”. Bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 

Səyyar qəbul zamanı vətəndaşlar yeni çəkilən yolda yol nişanlarının quraşdırılması, əkin sahələrinin suvarılmasında növbəlilik qrafikinə əməl olunması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. 

Vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Xanməmmədli- Qaçaqkənd- Qırmızıkənd- Xol Qarabucaq- Xəzər avtomobil yolunun tikintisi ilə əlaqədar Sərəncamına, göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.