2024-cü ilin sentyabr ayının ötən günləri ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə isti, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Naxçıvanda 38 dərəcə isti müşahidə olunub.

"Unikal" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, sentyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntı qeydə alınıb. Ümumilikdə bölgələr üzrə 5 gün yağıntılı hava şəraiti olub. Ən çox yağıntı Balakən-Şəki bölgəsinə düşüb. Həmçinin, 13 sentyabr tarixində Şahdağın 3500 metrdən yüksək olan dağlıq ərazilərinə qar yağıb.

“Sentyabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 2 gün, bölgələrdə isə 8 gün küləkli olub, küləyin maksimal sürəti Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib.”

G. Abbasovanın sözlərinə görə növbəti bir həftə ərzində də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 14-də və 17-də səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də növbəti bir həftə ərzində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 isti olacağı ehtimal edilir.

***12:56

Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, səhər yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-15° isti olacaq.