Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Novruzova Fəridə ifadə  verib. O özünü cinayət əməlində təqsirli bilib:

“Mən özümü bu işdə günahkar bilirəm, əməlimdən peşmanam. Maddi vəziyyətim aşağı idi. Qayınanam onkoloji xəstəlikdən əziyyət çəkirdi. Mənim pula ehtiyacım var idi. Rəhbərliyə ərizə yazdım. Onlar mənə 5000 manat pul verdilər. Həmin pul aylıq olaraq əməkhaqqımdan çıxılırdı. Daha sonra mən Gövhər xanımdan xahiş etdim. O, mənə əlavə pul yazırdı. Mənim işim cədvəli hazırlayıb Vəli müəllimə təqdim etmək idi. O imzalayırdı. Sonra biz həmin cədvəldə dəyişiklik edirdik”.  

Təqsirləndirilən şəxs Vəli Məmmədov Fəridə Novruzovanın ona vərəqi gətirirdiyini təsdiqlədi:

“Mənə maaş vərəqi gəlirdi. Kimin nə qədər maaş aldığını görürdüm. Lakin sonda cəm məbləğ yazılmırdı. Mən idarə rəisiyəm. Onu hesablamaq mənim işim deyil. Mən işçilərimə güvəndiyim üçün rəqəmlərin cəminə baxmırdım”.
Fəridə Novruzovanın istintaq dövründə verdiyi ifadə məhkəmədəki verdiyi ifadə ilə ziddiyyət təşkil etdiyi üçün məhkəmə sədrlik edən hakim ifadəni oxudu. Təqsirləndirilən şəxs istintaq dövründə verdiyi ifadəni qismən, məhkəmə zalındakı ifadəsini isə tam təsdiqlədi.

Qeyd edək ki, Fəridə Novruzova istintaq dövründə verdiyi ifadə də törədilən mənimsəmə faktında Vəli Məmmədovun adını hallandırsa da, məhkəmə zalında Vəli Məmmədovun bu işdən xəbəri olmadığını, işi Gövhər Əhmədova ilə törətdiyini vurğulayıb: 
"Mənə Gövhər xanım bildirdi ki, gəl əlavə pullar köçürək, amma Vəli müəllim bilməsin.

Öncə də qeyd etdiyim kimi, mənim maddi vəziyyətim aşağı idi. Mən məcburi şəkildə buna razı oldum”-deyə Fəridə Novruza bildirib. 

O qeyd edib ki, Gövhər xanımın ailə  üzvlərinindən də işləyən var idi. Ora əlavə  müəyyən məbləğlərdə pul köçürülürdü: “Gövhər xanımın qızı da burada müxtəlif vəzifələrdə çalışıb. O hesaba əlavə pul köçürülürdü. Pulu kimin çıxardığını bilmirəm”.

Digər təqsirləndirilən şəxs Gövhər Əhmədova səsləndirilən ifadənin yalan olduğunu qeyd etdi: “Bu işdən rəhbərliyin xəbəri var idi. Əməkhaqqı cədvəli İnternet Bakinq vasitəsi ilə banka gedirdi. Bu proses ciddi şəkildə yoxlanılırdı”.  

Məhkəmə prosesi 11 oktyabra kimi təxirə salınıb. 

Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dəymiş ziyan 700 min manatdır.

Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.

Seymur Əli