Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin verdikləri vəsatətlər müzakirə olunub. İlk olaraq təqsirləndirilən Bayram Bayramovun vəkilinin 44 günlük müharibə dövründə Quru Qoşunlarına könüllü və səfərbərliyə çağırılan əsgər, çavuş, gizir və zabitlərin siyahısı ilə bağlı vəsatəti müzakirə olunub. Hakim Fikrət Əliyev Müdafiə Nazirliyinin Hüquq İdarəsi ilə belə məlumatların nə dərəcədə açıq olması ilə bağlı müzakirə apardığını qeyd etdi: "Onların cavabından sonra vəziyyətə uyğun qiymətləndirəcəyik bu vəsatəti".
Növbəti müzakirə olunan vəsatət vəkil Rəşad Mirmehdizadənin təkrar mühasibatlıq ekspertizasının təyin olunması ilə bağlı verdiyi vəsatət oldu. Məhkəməyə sədrlik edən hakim bu vəsatətin təmin olunmamasını ilə bağlı qərar verdi: "Vəsatət təmin olunmasına, zərurət olarsa müşavirə otağında müzakirə edərik".
Sonra təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun mütəxəssislərin məhkəmə zalına çağırılıb dindirilməsi ilə bağlı vəsatəti müzakirə olundu. Ə. Adıgözəlov aşağıdakı şəkildə çıxış etdi: "Cəlal Kazımov 2018-ci il 23 may tarixindən məlum vəzifəyə təyin olunub. Onun maliyyə xidmət rəisi olduğu dövrdə müəyyən mənada vəsait mənimsənilib. Ümumi olaraq 2018-ci il üzrədi mənimsəmə. Zərurət varsa bir daha həmin hərbi hissələri yoxlasınlar. 2018-ci il dekabr ayının 12-dən həmin hərbi hissələrə maliyyə ayrılmayıb. Xahiş edirəm gələcəkdə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi məsələsinə də baxılsın".
Sonra hakim dövlət ittihamçısından vəsatətə münasibətini soruşdu.
Dövlət ittihamçısı - Yoxlayıcıların tərtib etdikləri aktlar iş materiallarına əlavə olunub. Onlar təkrar yoxlama zamanı da eyni faktları sadalayacağlar. Vəsatətlə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxıram.
Vəkil Əli Adıgözəlov replika hüququndan istifadə edərək dövlət ittihamçısının mövqeyinə münasibətini bildirdi: "Biz demirik bəzi hərbi hissələrdə aylar üzrə yazılıb. Cəlal Kazımov 2018-ci il may ayının 23-də vəzifəyə təyin olunub. Ondan qabaqkı aylar üzrə kənarlaşdırılan məbləğin Cəlal Kazımova nə aidiyyatı var? Əvvəlki tarixə olan sənədlər məhv edilib. Amma yoxlayıcılar 2018-ci ildə olan kənarlaşdırmanı yazıblar".
Məhkəmə vəsatətin təmin olunması üçün əsaslar görmədiyindən vəsatəti təmin etmədi: "Lazım olarsa vəsatətə müşavirə otağında yenidən baxarıq".
Məhkəmənin növbəti gedişində hakim Fikrət Əliyev Əli Adıgözəlovun verdiyi digər vəsatəti iclas iştirakçılarına elan etdi: "Əli müəllim adlarına kart olmuş, həyatda mövcud olmayan xəyali şəxslər, yəni "ölü canlılar"ın dindirilməsini istəyir. Vəkil bu siyahıda adı olanları- maliyyə xidmət rəislərinin qohumlarını, işləməyənləri nəzərdə tutub. Bu səpkidə bir dəfə də vəsatət verib".
Dövlət ittihamçısı həmin şəxslərin kartına köçən pulların hara yönləndirilməsi, kimə çatmasını maliyyə xidmət rəisləri məhkəmədə verdikləri ifadələrində qeyd ediblər. Hesab edirəm, vəsatət təmin edilməsin.
Sonra Əli Adıgözəlov Cəlal Kazımova məxsus həbsdə olan evin satılması ilə bağlı sənədi hakimə təqdim etdi. Hakim qeyd etdi ki, Cəlal Kazımova məxsus 110 min manatlıq ev satılıb və dəymiş ziyanın bir hissəsi ödənilib.
Vəsatət qismən təmin olunaraq iş materiallarına əlavə edilib.
Növbəti mərhələdə təqsirləndirilən şəxs Vüsal Əlizadənin vəkili Fərhad müəllim müvəkkilinə məxsus həbsdə olan 101 min 532 manatlıq əmlakın satılaraq məbləğin atası Əliyev Ədalət İbiş oğlu vasitəsilə dövlət hesabına ödənildiyini bildirdi. Vəkil Vüsala məxsus ipoteka yolu ilə alınan Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki dəyəri 120 min manat olan mənzilin üzərinə həbs qoyularaq ucuz qiymətə dəyərləndirildiyini də qeyd etdi: "Həmin mənzilə 120 min manat qiymət qoyulub. Bu məbləğ çox aşağıdır, hesab edirəm mənzilin üzərindən həbs götürülməlidir və biz onu normal qiymətə satıb dövlətə ödəməliyik".
Onu da qeyd edək ki, Vüsal Əlizadənin həyat yoldaşı ərizə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əmlakın satılaraq dövlətə vurulmuş ziyana görə ödənilməsinə etiraz etmədiyini bildirib.
Təqsirləndirilən şəxs Vüsal Əlizadə vəkilinin vəsatətinə münasibət bildirərkən qeyd etdi ki, həbs ediləndən sonra 18 ay ipoteka ödəyib: "İlk həbs olunduğum vaxt ödəniş etdim. Həmin evə görə ödəmədiyim 13 ayla bağlı bank məni məhkəməyə verib, həmin məbləğin üstünə də faizlər gəlib. Sonra kreditin ödənilməməsi məndən asılı olmayan səbəblərə görə olub. Xahiş edirəm bu məsələ də mənə kömək edəsiniz".
Hakim Fikrət Əliyev iddia ərizəsinin və digər sənədlərin məhkəməyə təqdim olunmasını istədi. Həmçinin bankla Vüsal Əlizadə arasında mübahisəyə müdaxilə edə bilmədiklərini qeyd etdi.
Sonra Vüsal Əlizadənin vəkili Fərhad müəllim "N" saylı hərbi hissədə müvəkkili tərəfindən mənimsənilən 10 min manata münasibət bildirdi: "Yoxlayıcılar bu məbləği aşkar ediblər. Ancaq orada Vüsala 180 min manat mənimsəmə yazılıb. Vüsal Əlizadə həmin pulu 2017-ci ilin iyun ayından əvvəl qazanıb. O illərində cinayət işinə aidiyyatı yoxdur. Vüsala mənimsəmə kimi yazılan 180 min manat ittihamdan xaric edilməlidir. Təqsirsizlik prizumpsiyasına görə belə hallar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır".
Hakim isə vəsatətə müşavirə otağında qiymət veriləcəyini söylədi.
Növbəti vəsatəti Əli Adıgözəlov verdi: "Ali Hərbi Məktəblə bağlı 2017-ci ilin iyun ayından dekabra kimi 483 min manat kənarlaşdırma müəyyən edilib. 2018-ci illə müqayisədə aya 12 min 500 manat düşür. Təkrar mühasibatlıq ekspertizasının keçirilməsini istəyirik".
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə dəymiş ziyanın ödənilməsinin müəyyən olunması ilə bağlı ibtidai istintaq orqanına sorğu verilməsini istədi.
Hakim Fikrət Əliyev vəsatətin qəbul olunaraq ümumi iş üzrə dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanına sorğu veriləcəyini və gələn cavabın elan olunacağını bildirdi.
Rəşad Mirmehdizadə 2-ci vəsatətində Təftiş Şöbəsinin rəisi işləmiş Rafael Xələfovun yenidən məhkəmə zalında dindirilmə məsələsini qaldırdı: "Rafael Xələfov bu işin mərkəzində duran şəxsdir. Hüquqlarını müdafiə etdiyim Nizami Məmmədov heç vaxt maliyyə xidmət rəislərinə birbaşa göstəriş verməyib. Xələfov özündən aşağı vəzifədə olan şəxslərə bir söz, özündən yuxarı işləyənlərə isə başqa söz deyib. Dindirilən şəxslərin ifadələrində çoxlu ziddiyyətlər var. Ortada kifayət qədər olan bir məbləğ var. Bu iş üzrə əsas adamlardan biri Rövşən Əliyev dünyasını dəyişib, ona görə Xələfovun dindirilməsi vacibdir, ziddiyətli məqamlar var. Xələfov şahidlərin siyahısında ilkin şahidlərdən olduğu üçün növbəti şahidləri dindirdikdən sonra yaranan suallar da var, başqa məqamlarda".
Hakim Rafael Xələfovun yenidən dindirilməsi ilə bağlı vəsatətin təmin olunması ilə bağlı qərarı elan etdi.
Nizami Məmmədovun digər vəkili Cahangir müəllim 143 milyonluq cinayət işində təqsirləndirilən şəxs olan Məlikməmməd Qurbanovun 2015-2019-cu illərdə tenderlərdən 20 milyon manat qazanc əldə etdiyini, onun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verdiyini məhkəməyə xatırlatdı: "Bundan başqa guya 2 dəfəyə 800 min manat pulu Nəcməddin Sadıqov Nizami Məmmədova vermək üçün Məlikməmməd Qurbanov vasitəsilə ona göndərib. Əgər belə hal olubsa o özü mənimsəyib həmin pulu. Bu faktı nəzərə almağınızı xahiş edirəm".
Məhkəmə prosesi 20 sentyabr tarixində davam edəcək.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli