Rusiya müstəntiqləri Moskva yaxınlığında, Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının araşdırılmasına kömək üçün üç ölkənin hüquq-mühafizə orqanlarına müraciət ediblər.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Hüquqi yardımla bağlı üç xarici ölkənin səlahiyyətli orqanlarına səkkiz sorğu göndərilib, cinayətin bütün hallarının aydınlaşdırılmasına yönəlmiş digər istintaq və məhkəmə hərəkətləri də həyata keçirilib", - sənədlərin birində deyilir.
Sözügedən ölkələrin adı açıqlanmır.
O da qeyd olunur ki, iş üzrə 1,7 mindən çox şəxs zərərçəkmiş kimi tanınaraq dindirilib, 800-dən çox şəxs şahid qismində dindirilib. 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65-dən çox baxış keçirilib, 650-dən çox müxtəlif məhkəmə-tibbi ekspertiza təyin edilib.
Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında terror aktı baş verib. 145 nəfər terrorun qurbanı olub, 550-dən çox insan yaralanıb. Bu terror aktı ilə bağlı 12 nəfər həbs edilib.
Ağarza Elçinoğlu