Türkiyənin Kayseri şəhərində gənc oğlan sevdiyi xanımın ailəsinin tələblərinə görə evlənməkdən imtina edib.
"Unikal" Türkiyə mətbuatına istinadla bildirir ki, fermer olan F.D tanış olduğu N.Ç ilə evlənmək istəyib. Belə ki, qız oğlana "qeyri-adi evlilik təklifi etsən, o zaman səninlə razı olaram" deməsindən sonra F.D hərəkətə keçib.
68 min lirəlik ( 3 400 AZN) üzüklə atlar arasında evlilik təklifi edən F.D gəlin namizədin "Hə" cavabını alıb. Oğlanın bu sevinci çox uzun çəkməyib. Günlər sonra qız anasını və bacısını F.D ilə restoranların birində görüşdürüb. Qızın anası gələcək kürəkənlərinin qarşısına bir çox şərt qoyub.
O, qızına elçi gələndə "ən son avtomobil" almasını tələb edib. Onunla yanaşı, gəlin nişandan əvvəl 200 min lirəlik (10 min AZN) daha bir üzük və yeni model "iPhone 16" istədiyini bildirib.
Bunun fonunda F.D qızın ailəsinin toydan əvvəl bəzi tələblər irəli sürdüyünü ifadə edib: "Toya qədər məndən ona 4 otaqlı ev almağımı istədilər. 30 ədəd bilərzik almağımı istədilər. Bu istəklər hardan baxırsan, 15 milyon lirədir. Hər şeyi fikirləşiblər, o cümlədən evin mebelini də. Məndən evin içinə ən bahalı əşyalarla təchiz etməmi istədilər".
Bəy gəlinin atasının yaşadığı rayona gəldiyini və onunla bağlı araşdırma apardığını bildirib; "Gəlin atası Kayseri Hacılar Bələdiyyəsinə gedib. O, bələdiyyənin daşınmaz əmlak müdirliyindən mənə qeydiyyatda olan evlərin, torpaq sahələrinin, əkin sahələrinin siyahısını tələb edib. Bizim məhəlləyə də gəlib qapı-qapı gəzib. Bunlar sanki qız evi deyil, bir kəşfiyyat bürosudur. Məlumatları aldıqdan sonra onlar N.Ç ilə evliliyimizə razı olublar, amma şərtləri yerinə yetirmək tələbi ilə".
Hadisədən sonra oğlan evlənməkdən imtina edib və qızdan ayrılıb. O, bu izdivacı tez bitirdiyinə görə xoşbəxt olduğunu ifadə edib.
Gülayə Mecid