UNEC-də ACCA proqramının kompüter əsaslı İmtahan Mərkəzinin açılışı olub.

"Unikal" xəbər verir ki, mərkəzin açılışında UNEC rektoru professor Ədalət Muradov, Auditorlar Palatasının sədri prosessor Vahid Novruzov, ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) təşkilatının Təhsil üzrə Regional rəhbəri Taher Kapasi və universitetin nümayəndələri iştirak ediblər.

Rektor Ədalət Muradov ACCA proqamının kompüter əsaslı İmtahan Mərkəzinin UNEC-də yaradılmasının tələbələr üçün əhəmiyyətindən danışıb: “Mərkəzdə bakalavr və magistrlər ingilis və rus dillərində imtahan verərək, ACCA sertifikatı əldə edə biləcəklər. ACCA təşkilatı ilə əməkdaşlığımızın növbəti mərhələsində isə  “Mühasibatlıq” ixtisası üzrə təhsil alan tələbələrimiz diplomla yanaşı, ACCA sertifikatını da qazanmış olacaqlar.  Bu isə tələbələrin əmək bazarında çevikliyinin təmin edilməsinə əvəzsiz töhfə olacaq”.

Rektor UNEC-in MBA proqramının Avrasiya və Yaxın Şərqdə ACCA təşkilatının beynəlxalq akkreditasiyasını qazanmış yeganə proqram olduğunu da diqqətə çatdırıb. O, UNEC-in MBA proqramının ikinci dəfə növbəti 5 illik müddətinə akkreditasiyadan keçdiyini və bunun təhsilin keyfiyyəti baxımından olduca böyük önəm daşıdığını diqqətə çatdırıb.

İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyasının Təhsil üzrə Regional rəhbəri Taher Kapasi ACCA standartlarının UNEC-in MBA proqramına uğurla inteqrasiyasından və bu istiqamətdə həyata keçirilən uzunmüddətli əməkdaşlıqdan söz açıb. O, UNEC-də ACCA imtahan mərkəzinin yaradılmasını əlamətdar hadisə adlandıraraq, imtahanların keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirib.

Auditorlar Palatasının sədri Vahid Novruzov UNEC-in yeni dövrün çağırışlarına çevik cavab verdiyini  və təhsil sahəsində zəngin rəqəmsallaşma proqramlarına sahib olduğunu xüsusi vurğulayaraq, bu yeniliklərin tələbələrin yüksək bilik bə bacarıqlar əldə etmələri üçün böyük imkanlar yaratdığını deyib. Palata sədri dünyanın tanınmış beynəlxalq təşkilatının imtahan mərkəzinin UNEC-də yaradılmasını bu istiqamətdə növbəti uğurlu addım adlandırıb və mərkəzin fəaliyyətinə uğurlar arzulayıb.