Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinən Quliyev Rövşən Eldar oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, keçmiş həyat yoldaşını namussuzluq da günahlandıraraq qətlə yetirən Rövşən Quliyevin məhkəmə prosesində ibtidai istintaq vaxtı şahid qismində ifadə verən Əli Əliyevin ifadəsi elan olunub: "Qadının saçını tutub özünə tərəf çəkəndə mən istədim kömək edim. Ancaq tanımadığım Rövşən cibindən bıçaq çıxardaraq heç kimin yaxın gəlməməyini söyləyərək qadına çoxsaylı zərbələr endirdi". Şahidin ifadəsi elan olunduqdan sonra hakim sənədlərin tədqiqinə başladı. Məlum oldu ki, Rövşən Quliyev bundan öncə də 2 dəfə məhkum olunub. Məhkəmə istintaqı yekunlaşdıqdan sonra hakim çıxış üçün dövlət ittihamçısı Orxan Səmədova söz verdi. Dövlət ittihamçısı Rövşən Quliyevin zərərcəkmişlə barışığının olmamasını, əvvəllər məhkum olunmasını nəzərə alaraq ona 19 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxs Rövşən Quliyev son sözündə törətdiyi əməldən peşman olmamasını bildirib.
Hakimlər müşavirəyə gedib gəldikdən hökmü elan ediblər. Rövşən Quliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş əri tərəfindən öldürülən qadının qətlinin təfərrüatlarına gəlincə,
Rövşən Quliyevin anası Hənifə Quliyeva oğlunun Sevinc İbrahimova ilə üç il öncə boşandığını deyib.
Sevinc Rövşən və keçmiş qaynanasının birgə yaşadığı evə iki övladını görmək üçün gəlib. Rövşən isə onu namusuzluqda ittiham edərək uşaqlarla görüşünə imkan verməyib.
Daha sonra keçmiş ər küçədə qadına 35 bıçaq zərbəsi vurub.
Qeyd edək ki, cütlüyün birgə nigahdan 14 və 6 yaşlı övladları var.
Xatırladaq ki, 2024-cü il fevralın 13-ü saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Sevinc İbrahimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 1985-ci il təvəllüdlü Rövşən Quliyevin Nərimanov rayonu S.Ələsgərov küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Sevinc İbrahimovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, prokurorluğun qərarı ilə Rövşən Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Seymur Əli