"Azərbaycanda demoqrafik vəziyyət məni çox narahat edir. Hətta Çin "bir ailə, bir uşaq" proqramından imtina etdi. Son dövlərlər Çində də əhalinin sayında azalma baş verir. Ölkəmizdə isə bu məsələ ilə bağlı bir sıra səbəblər var".
Bunu "Unikal"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Tahir Kərimli son illərdə uşaqların sayının azalmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, gənclərin gec evlənməsi, yəni, təhsil, karyera qurandan sonra ailə həyatı qurmaları, sosial vəziyyətin yaxşı olmaması və s. məsələlər buna böyük təsir edir:
"O cümlədən, ailə dəyərlərinin qiymətdən düşməsi, valideynlərə müqəddəs gözlə deyil, bioloji ata-ana kimi baxılması, bəzən övladların tərbiyəsi ilə ciddi məşğul olmamaq, internet resurslarında mənəviyyatsızlığın yayılması, insanların şəhvət hisslərinə uyması, ailə dəyərlərinin ayaq altına atılması, valideyn-övlad münasibətlərinin müqəddəsliyinin itməsi kimi çox ciddi deqradasiya prosesləri gedir. Həmişə qeyd edirəm ki, bununla bağlı dövlət proqramı olmalıdır. Bu yaxınlarda təklif etdim ki, uşaq pulu verilmir, amma yaxşı oxuyan şagirdlərə təqaüd verilsin. Bunun da müəyyən təsiri olar".
Eks-deputat qeyd edib ki, ailələr bir və ya iki uşaqdan artıq saxlaya bilmirlər: "Dünya dəyişir, hər kəs rahat ailə arzulayır, övladını rahat böyütmək istəyir. Mənəvi mühit o qədər korlanmağa doğru gedir ki, ailələrin və doğulan uşaqların sayını azaldır. Dörd bir tərəfə baxsaq, hamı uşaq pulu verir. Bununla yanaşı iş yerləri məhdud olmalı deyil. İnsanlar kənd yerlərində iş tapmırlar. Sosial vəziyyətin ağırlığı səbəbindən də uşaqların sayının çox olmasından qaçırlar. Kimin ağlına gələrdi ki, bir zaman gələcək, Azərbaycanda boşananların sayı evlənənlərin sayından çox olacaq. Cəmiyyətin maddi və mənəvi cəhətdən sağlam olmasına çalışmasaq, bu məsələdə müvəffəqiyyət qazanmaq olmaz".
Qeyd edək ki, Azərbaycanda 2017-2018-ci tədris ilində 164 mindən çox uşaq birinci sinfə qəbul olunduğu halda, 2023-2024-cü tədris ilində bu rəqəm 132,261 nəfərə enib.
Anar Kəlbiyev