Tələbələrə qarşı quldurluq etməkdə təqsirləndirilən Süleyman Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib. Zərərçəkmiş Anar Ağazadə hadisə baş verən gün nahar fasiləsində olduğunu qeyd edib:
"Keçən ilin sentyabr ayında nahar vaxtı idi. Nərimanov heykəlinin yanındakı parkda əyləşmişdim. Məni çağırdı və dedi ki, burda xalası oğluna qarşı bıçaqla soyğunçuluq edilib. Dedi ki, əlində nə qədər pul var? Anidən əlimdən portmanatımı aldı. 17 manatım var idi və qorxumdan hamısını verdim. Ona qarşı heç bir şikayətim yoxdur".
Daha sonra zərərçəkmiş Emin Məmmədovun ifadəsi elan edilib. O ifadəsində bildirib ki, təqsirləndirilən şəxs ondan ümumilikdə hədə-qorxu yolu 110 manatını alıb:
"Təqsirləndirilən şəxs yolda məni saxladı. Bildirdi ki bu ərazidə onun yaxın qohumuna qarşı soyğunçuluq olub və onun 150 manatını alıblar. Ona bunun mənə heç bir aidiyyatı olmadığını dedim. O, isə təkidlə məndən cibimi çıxarmağımı istədi, etiraz etdikdə üstümə bıçaq çıxartdı. Mən də əlacsız vəziyyətdə qalıb cibimdə olan 110 manatı ona verdim. O narkotik vasitənin təsiri altında olduğu üçün çox dirəşmədim".
Məhkəmənin növbəti iclası oktyabrın 3-n təyin edilib.
Qeyd edək ki, ötən ilin iyul ayında Yasamal RPİ-nin əməkdaşı tərəfindən saxlanılan Süleyman Əsgərov bundan öncə də quldurluq maddəsi ilə məhkumluq həyatı yaşayıb. Süleyman günün istənilən vaxtında əsasən tələbələrə, yeniyetmələrə və taksi sürücülərinə biçaqla hədə-qorxu gələrək onların pulunu ələ keçirirmiş. Narkotik istifadəçisi olan Süleyman Əsgərov əldə etdiyi pulları narkotik vasitələrin alışına sərf edib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (Bir qrup şəxsə qarşı quldurluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli