27 Sentyabr - Anım Günü ilə bağlı Ağstafada ümumrayon tədbirləri keçirilib.
"Unikal" xəbər verir ki, anım tədbirlərində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon Şəhidlər Xiyabanı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub, qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb.
Sonra Ağstafanın Şəhidlər Memorial kompleksində əbədi məşəl abidəsi önünə əklil qoyulub, Dövlət Bayrağında təsvir olunan ayparanı təcəssüm etdirən abidənin üzərinə gül dəstələri düzülərək şəhidlərimizin ruhuna dərin ehtiram ifadə olunub. RİH başçısı çıxış edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna, eyni zamanda, onların doğmalarına göstərilən yüksək ehtiramın təzahürüdür. Şəhidlərimizin xatirəsi müzəffər xalq və qalib dövlət Azərbaycanın qəlbində əbədi yaşayacaqdır.
Saat 12:00-da Respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.
Anım tədbiri şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası ilə davam etdirilib. Ağstafa şəhəri, Hüseyn Arif küçəsində təşkil olunan ağacəkmə aksiyasında eldar şamı və sərv ağacı növlərindən olan tinglər əkilib. Əkilən ağaclara müvafiq aqrotexniki qulluq göstərilib.
Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik!