Sabiq deputat Nazim Bəydəmirliyə hökm oxunub.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edilib.
***
15:35
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Nazim Bəydəmirlinin məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Aqil Layıc müvəkkilinə bəraət istəyib və onu ekologiya məhbusu adlandırıb. Sonra Nazim Bəydəmirli son sözlə çıxış edib.
Təqsirləndirilən şəxsin son sözündən sonra hakimlər müşavirəyə gediblər.
Qeyd edək ki, dövlət ittihamçısı ötən məhkəmə prosesində Nazim Bəydəmirlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli