Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev səhiyyə işçilərinin cəmiyyət həyatındakı mühüm rolundan bəhs edib. O bildirib ki, insan sağlamlığı ən ali dəyərlərdən biridir və bu dəyərin qorunmasında tibb işçilərinin əməyi əvəzsizdir. Ramil Mirzəyev vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı, müasir tibbi xidmətlərin təşkili və səhiyyə infrastrukturunun gücləndirilməsi dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələridir. O, səhiyyə əməkdaşlarının öz peşələrinə yüksək sədaqətlə xidmət etdiklərini qeyd edərək bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov qeyd edib ki, səhiyyə işçiləri insanların sağlamlığının qorunması və həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük fədakarlıq nümayiş etdirirlər. Bildirib ki, ölkəmizdə səhiyyə sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır, son illərdə bu sahədə genişmiqyaslı islahatlar həyata keçirilir, yeni tibb müəssisələri istifadəyə verilir və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması istiqamətində mühüm addımlar atılır. Pənah İmanov səhiyyə işçilərinin peşəkarlığını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Diaqnoz Tibb Mərkəzinin baş həkimi Ələddin Cabbarov, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Zaur Xəlilov və M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin baş həkimi Sevda Əliyeva, həkim-nevropatoloq Mustafa Şükürov müasir səhiyyə sistemində diaqnostikanın əhəmiyyətindən danışaraq qeyd ediblər ki, xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicəyə cəlb olunması insanların sağlamlığının qorunmasında mühüm rol oynayır. Onlar son illər ölkədə diaqnostika imkanlarının genişləndirildiyini, müasir tibbi avadanlıqların və innovativ texnologiyaların tətbiqinin səhiyyənin inkişafına əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıblar.
Tədbirin sonunda yubiley yaşlarını qeyd edən və partiyanın fəaliyyətində seçilən bir qrup tibb işçisi mükafatlandırılıb.












































.jpg)









