Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası Kipr Türk Bələdiyyələri Birliyinin dəvəti ilə Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olub.
ŞKTC-nin paytaxtı Lefkoşada geniş tərkibdə görüşdə olan Assosiasiyanın türk Kiprində mühüm görüşləri baş tutub.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Şimali Kipr Türk Bələdiyyələri Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası arasında protokol imzalanıb. Həmin protokola əsasən iki ölkə bələdiyyələri təhsil, səhiyyə, gənclər və idman, turizm, tarixi və mədəni irsin qorunması, ətraf mühit, enerji, mədəniyyət və incəsənət, infrastruktur, texniki və humanitar sahələrdə əməkdaşlıq edəcək, yardım, informasiya texnologiyaları və nəqliyyat kimi mövularda bir-birlərinin təcrübəsini öyrənmək üçün qarşılıqlı şəkildə fəaliyyət göstərəcəklər.
Bundan əlavə, protokola əsasən, tərəflər iqtisadi, sosial və mədəni əlaqələrin həyata keçirilməsi üçün KKTC ilə Azərbaycan şəhərləri arasında qardaş şəhər əlaqələrinin qurulmasını dəstəkləyəcək və təşviq edəcəklər. Tərəflər iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə investorlara və sahibkarlara lazımi stimul və yardımlar göstərəcəklər.
Qeyd edək ki, ŞKTC-ya səfər edən Assosiasiya tərkibi sırasında Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə də olub və protokolun imzalanma mərasimində iştirak edib.