Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibi Antoni Blinkeni Rusiyanın guya Babi Yar faciəsinin baş verdiyi Ukraynada cinayətlər törətdiyinə dair sözlərinə görə "əclaf" adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə diplomat öz "Telegram" kanalında yazıb.
“Bunu ancaq əclaf deyə bilərdi, çünki Rusiya Babi Yarın qurbanlarının qatillərinin cinayətlərini davam etdirənləri - Bandera və Şuxeviçi izzətləndirən banderaitləri zərərsizləşdirir”, - Rusiya diplomatik missiyasının nümayəndəsi bildirib.
Zaxarova Babi Yarda təkcə yəhudilərin deyil, qaraçıların, eləcə də sovet hərbi əsirlərinin öldürüldüyünə də diqqət çəkib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, yalnız ilk günlərdə 34 min insanın həyatını itirdiyi hesablanıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi öz postunda Blinkenin bəyanatına da istinad edib - dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar 1941-ci il sentyabrın 29-30-da nasistlərin 34 min yəhudini öldürdüyü Babi Yarda baş vermiş qətliamı xatırlayır. Blinken deyib ki, Rusiya Ukraynada insanlığa qarşı cinayətlər törətməklə yanaşı, Ukraynada "nasistlərdən təmizlədiyi" iddiasındadır.