Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə 10 oktyabr 2024-cü il tarixində prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Bu barədə "Unikal"a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 309 nəfər qeydiyyatdan keçib.
İmtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüter vasitəsilə elektron qaydada keçiriləcək.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahan saat 10:00-da başlayacaq. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunub. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) ilə tanış olmaları zəruridir.
Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.