ABŞ noyabr ayında Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəyini versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri alt-üst etmək cəhdi göstərir.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu addım Amerikanın səmiyyətinə və regiondakı inamı itirir: “Halbuki beynəlxalq münasibətlər sistemində ən mühüm məsələ inam və etibarlılıqdır”.
Komitə sədri qeyd edib ki, Azərbaycanın ABŞ ilə münasibətlərə yenidən baxması məsələsi gündəmə gətirilib: “Bu, Amerikanın Azərbaycana qarşı ilk belə cəhdi deyil. Amma bu dəfəki hərəkəti tamamilə başqa hadisədir və biz bunu ciddi təhlil etməliyik. Ona görə də Xarici İşlər Nazirliyinə müraciət etmişik”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev ona görə ən yüksək səviyyədə siyasət aparır ki, dünyada onun siyasətinə inam var: “Onun sözü imza qədər güclüdür. Amerika isə bu inamı itirir. Müstəqil dövlət kimi öz münasibətlərimizi ciddi təhlil edərək hərbi əlaqələrə yenidən baxmalıyıq. Regionda provakasiyaları törədən USAID-in yardımlarına yenidən baxmalıyıq. Dərs etməliyik ki, onlar dostluğun içərisində başqa niyyətləri regiona gətirmək istəyirlər. Hesab edirəm ki, məktubumuz Azərbaycan XİN tərəfindən təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq”.