Cənubi Koreya hərbçiləri KXDR-də yolların bombalanmasına cavab olaraq Koreyalararası sərhədin cənubunda yerləşən ərazidə atəş açıblar.

"Unikal" xəbər verir ki, bu barədə Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Komitə qeyd edib ki, Cənubi Koreya silahlı qüvvələri yolda baş verən partlayış nəticəsində heç bir zərər görməyib.

Yolda partlayış bir neçə saat əvvəl məlum olub. Şimali Koreya hərbçiləri iki Koreyanı birləşdirən Gyeonggui və Donghae yollarının hissələrini partladıblar . Bununla bağlı Cənubi Koreya ordusu müşahidə və döyüş hazırlığını artırıb.

Seul baş verənləri iki Koreya arasında quru əlaqəsini tamamilə kəsmək və sərhəddə istehkamlar qurmaq niyyəti kimi qəbul edib.

Oktyabrın 9-da Koreya Xalq Ordusunun (KPA) Baş Qərargahı Şimali Koreya ordusunun Cənubi Koreyaya gedən avtomobil və dəmir yollarını bağlayacağını və KXDR sərhədini qalaya çevirəcəyini bəyan edib.

Gülayə Mecid