Türkiyə hüquq-mühafizə orqanları Antalya hava limanında yeni doğulmuş körpəsini tərk edən rus qadını saxlayıb və ona qarşı cinayət işi açıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı Baş Konsulluğundan TASS-a bildirilib. 

“Baş Konsulluğa daxil olan məlumata görə, Antalyada oktyabrın 13-də yerli hava limanında uşaq dünyaya gətirərək onu ayaqyoluna qoyub, daha sonra Rusiyaya uçmaq niyyətində olan 2006-cı il təvəllüdlü Rusiya vətəndaşı Yekaterina Burnazkina saxlanılıb. Körpənin hava limanının əməkdaşları tərəfindən aşkarlanmasından sonra həmin rusiyalı qadın və onun anası polis tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Hazırda yeni doğulmuş uşaq və ana Antalyada tibb müəssisəsindədir.

Qeyd edək ki, Yekaterina polisə ifadəsində hamilə olduğunu bilmədiyini deyib. Yeni doğulan uşağı ayaqyolunda unitazın içərisinə qoyan isə onun anası Yelena Burnazkina olub. Yelena həbs edilib.