Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqına üzv ölkələrin akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərini və Aİ nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş nazir Ermənistan-Aİ çoxsektorlu əməkdaşlığını vurğulayıb və Ermənistan hökumətinin avropalı tərəfdaşlarla çoxsahəli əlaqələri dərinləşdirməyə və genişləndirməyə hazır olduğunu bir daha vurğulayıb. Bu kontekstdə Nikol Paşinyan ötən ilin oktyabrında Qranadada Avropa Komissiyasının sədri Ursula Von der Leyen ilə əldə edilmiş razılaşmaların səmərəli və ardıcıl şəkildə həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Vasilis Maraqos qeyd olunan bəyanatlarda nəzərdə tutulan addımların həyata keçirilməsi prosesinə toxunaraq, Aİ-nin Ermənistanda demokratik və iqtisadi sahədə islahatların, o cümlədən özəl sektorun potensialının inkişafının təşviqində davamlı dəstəyini vurğulayıb. Aİ nümayəndə heyətinin rəhbəri həmçinin Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlandığını, Aİ Sülh Fondundan İrəvana yardım göstərilməsinə qərar verildiyini vurğulayıb.
Sonra Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı müzakirələr aparılıb. Baş nazir Paşinyan Ermənistan tərəfinin sülh gündəliyinə sadiqliyini vurğulayıb. O, Ermənistanın razılaşdırılmış maddələr əsasında sazişi imzalamağa və digər məsələlər üzrə gələcək müzakirələri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Həmsöhbətlər regionda sülhün və sabitliyin təmin edilməsi kontekstində Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətini xüsusi qeyd ediblər.
Regional kommunikasiya kanallarının blokdan çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı regional əhəmiyyətli digər məsələlərə də toxunulub.
Ağarza Elçinoğlu