Xüsusi külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən növbəti prosesdə şahidlər ifadə verib.
Təqsirləndirilən Bahadır Qasımov və İkram Qasımovun qardaşı oğlu Fuad Qasımov şahid qismində ifadə verib. Şahid ifadəsində atasının erkən yaşda itirdikdən sonra əmiləri ilə əlaqələrinin kəsildiyini bildirib: “Mən 6 aylıq olan zaman atamı itirdim. Əmilərimlə əlaqəm olmayıb. Onların nə işlə məşğul olduqlarını bilmirdim. Bu barədə məlumatım yoxdur”.
Daha sonra hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib.
“Mən əmimin (Bahadır Qasımov) yanında Moskvada ailə sürücü kimi çalışmışam. Azərbaycana gec-gec gəlirdi. Gələndə də ya yasa, ya da toya. Onun pul köçürmə işi ilə məşğul olduğunu bilirdim. Yaxın qohumları da yanında işləyirdi. Mən özüm iki dəfə əmimim tapşırığı ilə pul çatdırmışam. Lakin onların üzü belə yadımda deyil”.
Şahidin ifadələri arasında ziddiyyət olub. Fuad Qasımov ziddiyyəti bununla əsaslandırıb ki, o, istintaq zamanı verdiyi ifadəni oxumayıb. İfadəsinə əlavələr olunub. Səbəb kimi isə bildirib ki, müstəntiq digər şahidlərin də ifadəsinin alınacağını, vaxtın azlığını əsas gətirib. Həmçinin aydın olub ki, müstəntiq şahidə onun yaxın qohumu haqqında ifadə verməmək kimi hüququnun olduğunu bildirməyib. Təqsirləndirilən Qasımov Bahadırın vəkili şahidin hüququnun pozulduğunu, həmçinin bu ifadənin sübutlar siyahısına salınmasına etiraz edib. Eyni zamanda, bununla bağlı məhkəmə qarşısında vəsatətlə çıxış edib.
Vəkil ifadənin sübutlar siyahısından çıxarılmasını istəyib. Dövlət ittihamçısı Elgin Qafarov vəsatətə etiraz edib. Hakim vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.
Digər şahid Mübariz Qasımov ifadəsində qeyd edib ki, o, Türkiyə Respublikası vətəndaşı olan Mahir adlı şəxslə ticarət əlaqələri olub:
“Mən ticarətlə məşğul idim. Mahirdən aksessuar alırdım. Pulun bir qismini bank vasitəsilə, bir qismini isə başqa yolla göndərirdim. Mahir mənə zəng edib deyirdi ki, Çıraq plazaya get. Orada şüşəli ofis var. Ofisə daxil ol və telefonu oradakı şəxsə ver. Mən onun dediyini yerinə yetirirdim. Əlavə olaraq 0,8-1% əlavə ödəniş edirdim. Mən ora ümumi 2-3 dəfə getmişəm və ümumi 1000-1500 dollar ödəniş etmişəm. Təqsirləndirilən şəxsləri tanımıram.”
Vəkilin “Pulun bütün hissəsini niyə bankla köçürmə etmirdiniz?” sualına şahid “mənə belə göstəriş verilirdi. Onun üçün belə etməli idim”,-deyə cavab verib.
Məhkəmə şahidin istintaqa verdiyi ifadəni səsləndirib.
Şahid ifadəsində Sumqayıtda aksessuar satdığını bildirib: “Mən Sumqayıtda maşın aksessuarının satışı ilə məşğul idim. Çıraq plazaya 2-3 dəfə getmişəm. Ümumi 3000 dollar pul ödəmişəm. Nə deyiblərsə, onu da etmişəm”.
Şahidin ifadəsində ziddiyyət olub və bunu yaddaşı ilə əlaqəndirib: “Hadisə ötən il olub. Bir il ərzində mənim yadımda dəqiq heç nə qalmayıb. Pulu özümdə qeyd belə etməmişəm”.
Müdafiəçilər birmənalı olaraq şahidin ifadəsinin sübutlar siyahısından çıxarılması barəsində vəsatət qaldırıb.
Dövlət ittihamçısı vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmənin qərarına əsasən vəsatət baxılmamış saxlanılıb.
Daha sonra şahid qismində Abdul Cəfərov dindirilib. O, sərbəst ifadəsində təqsirləndirlən şəxsləri tanıdığını, habelə bir neçəsi ilə dost olduğunu bildirib: “Bahadır, qardaşı İkram və Fərhadı mən uşaqlıqdan tanıyıram. Xeyirdə, şərdə birlikdə olmuşuq. Bahadır Rusiyada yaşayırdı. Lakin o, ölkəyə gələndə mənimlə hər zaman əlaqə saxlayırdı, görüşürdük. Onun ölkədə bank fəaliyyəti, qanunsuz köçürmə ilə məşğul olduğunu bilmirdim. Onları düzgün, etibarlı adam kimi tanıyırdım”.
Həmçinin şahid bildirib ki, Rusiyada Bahadırla bankda görüşüb:
“Bankın kimə məxsus olduğu ilə bağlı məlumatım yoxdu. Soruşmadım da. Mən özüm zərgərəm. Maşın almaq istəyirdim. Pulumu saxlamaq üçün işçim Fikrət Rüstəmovla Fərhada pul vermişəm. 10000, 7750, 20000 manat pul vermişəm. Sonuncu dəfə 15000 manat göndərəndə artıq saxlanılma prosesi olmuşdu. Ümumi 37750 manat pulum qalıb”.
Şahidin istintaq dövründə verdiyi ifadə ilə ziddiyyət olmayıb.
Məhkəmənin növbəti prosesi 1 noyabra təyin olunub.
Qeyd edək ki, ötən il Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Qasımov Bahadır Ağaqulu oğlu, onun qardaşı Qasımov İkram Ağaqulu oğlu, onların əmisi oğlu Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğlu həbs edilib.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.
Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.
Seymur Əli