Oktyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının "Cavanşir  küçəsi 12" və "İnqilab İsmayılov küçəsi 17" ünvanları üzrə ərazi partiya təşkilatlarında növbəti görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirlərdə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini  Vüqar Hüseynov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu və dünəninə, bu gününə, gələcəyinə böyük inam bəslədiyi Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan geniş bəhs edib. Bildirib ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi tanınır və nüfuz qazanır. Hazırda partiya sıralarında 700 mindən artıq üzvün birləşməsi Heydər Əliyev siyasətinə inamın, etimadın göstəricisidir. Son 21 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf edir, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə qalib Azərbaycanın qarşısında dayanan hədəflərin uğurlu icrasına öz töhfələrini verir. Dövlətimizin başçısı, YAP Sədri İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində dayanacaq. 

Vüqar Hüseynov yeni dövrə qədəm qoyan Azərbaycanın uğurlarından və yeni dövrün hədəflərindən bəhs edərək Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar əsasında  irəliyə doğru inamla addımlamasından danışıb. Bildirib ki, yeni dövrün qürurverici hadisələrindən olan prezident və parlament seçkiləri YAP-ın cəmiyyətdə olan nüfuzuna, partiyaya xalqın inamına və etimadına bir daha işıq saldı. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinə növbəti uğur səhifələrini yazdı. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin  prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük qürur hissi ilə qeyd etdiyi kimi, indi isə yeni dövr başlayır. Bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq.  Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq.  Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub.

Tədbirlərdə çıxış edən YAP üzvləri Sevda Əliyeva, Səkinə Abbasova, Yeganə Qurbanova qalib Azərbaycanın, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs edərək bildiriblər ki, belə güclü, qüdrətli ölkənin vətəndaşı, YAP kimi böyük nüfuza malik olan partiyanın  üzvü olmaq böyük şərəf və xoşbəxtlikdir.

Tədbirlərin sonunda partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib.