Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə Dizayn fakültəsinin bir qrup tələbəsi “Lumegrand” sərgi salonunda ekskursiyada olublar.
"Unikal" xəbər verir ki, ekskursiya zamanı tələbələr müasir dizayn üslublarına uyğun hazırlanan müxtəlif çilçıraq modellərini və onların texniki xüsusiyyətlərini öyrəniblər. Bu çərçivədə tələbələr çilçıraqların otağın vizual effektinə necə təsir etdiyini praktik nümunələr üzərində müşahidə ediblər.
Ekskursiyanın davamında tələbələr üçün xüsusi seminar təşkil olunub. Seminarda tələbələr çilçıraq dizaynlarının işıqlandırmada əhəmiyyətini və otağın atmosferinə necə təsir etdiyini geniş müzakirə ediblər. Onlara çilçıraqların işıqlandırmada hansı funksiyaları yerinə yetirdiyini və otaqdakı divarların, mebellərin rənglərini necə dəyişdirdiyini izah edən mütəxəssislər işığın rəngi, tonları və tətbiq olunduğu bucaqların interyer dizaynına təsirlərini əyani göstəriblər.