Xəbər verdiyimiz kimi, Azərbaycanın Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.
"Unikal" xəbər verir ki, vəfat edən şəxsin 32 yaşlı qızı erməni KİV-ə açıqlamasında anasında xəstəliklərin olduğunu təsdiqləyib.
Qızı bildirib ki, Xankəndi sakinini Ermənistana aparmağa razı sala bilməyiblər: "Anam kənddə yaşayırdı. Müharibə zamanı üç azyaşlı uşağımla Ermənistana köçmüşdüm, anamın orada qaldığını bilmirdim. Sonra mən onu davamlı olaraq Ermənistana gətirməyə çalışdım, amma istəmədi. Anamın psixi sağlamlıq problemləri var idi.
Dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə də müraciət etmişəm, amma anamı istəməsə zorla gətirə bilməyəcəklərini dedilər. Bir neçə gün əvvəl ölüm xəbərini aldım. Mən Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edəcəyəm ki, anamın cənazəsi Ermənistana gətirilsin və biz onu burada dəfn edək".
BQXK-nın Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, təşkilat mərhumun qohumları ilə əlaqə saxlayır və ailənin ehtiyac duyacağı və hakimiyyət orqanları ilə razılaşdırılacaq növbəti addımların həyata keçirilməsini asanlaşdırmağa hazırdır.
Ağarza Elçinoğlu