"BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, və Cənubi Afrika) qlobal siyasi və iqtisadi müstəvidə çox əhəmiyyətli bir platforma olaraq xüsusilə inkişaf etməkdə olan ölkələr üçün yeni əməkdaşlıq imkanları yaradır. BRICS ölkələri dünya iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. Birgə əməkdaşlıq üzv ölkələr arasında iqtisadi əlaqələri gücləndirir, ticarət maneələrini aradan qaldırır və bir-birinin ehtiyaclarına uyğun iqtisadi mübadilə sistemi qurmağa kömək edir. Bu, həm də digər bir sıra hegemon güclərin dünya ticarətindəki dominantlığını azaltmaq üçün alternativ mexanizmlərin inkişafına imkan verir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Deputat bildirib ki, 2014-cü ildə yaradılan Yeni Dünya Bankı (NDB) üzv ölkələrin infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirir:
"NDB Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi Qərb təsisatlarındakı dominant maliyyə strukturlarına alternativ olaraq inkişaf etməkdə olan ölkələrə dəstək verir. Bu bank vasitəsilə BRICS ölkələri iqtisadi və maliyyə asılılığını azaltmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün əməkdaşlığı gücləndirir. Prezident İlham Əliyevin Kazanda oktyabrın 24-də XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında çıxışı Azərbaycanın beynəlxalq siyasi və iqtisadi əlaqələrində yeni mərhələnin təsdiqi kimi əhəmiyyətli rol oynayır. Azərbaycan Prezidenti çıxışında ölkəmizin COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi edəcəyini və bu addımın dövlətimizin qlobal miqyasda ekoloji məsələlərdə fəal mövqeyinə sadiqliyini göstərdiyini qeyd edib. Bu, həm də Azərbaycanın Qlobal Cənub və Şimal arasında iqlim məsələlərində əlaqələndirici rolunu təsdiqləyir. Azərbaycanın beynəlxalq iqlim tədbirlərində əməkdaşlığa töhfə verməyə hazır olduğu ifadə olunub".

B.Bədəlov həmçinin qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın BRICS ölkələri ilə ticarət və enerji sahələrində yeni əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün əlverişli şərait yaratdığını vurğulayıb: "BRICS+ formatında Azərbaycanın iştirakı ölkənin bu qlobal blokla iqtisadi və siyasi əlaqələrini dərinləşdirmək istəyini göstərir. Bu mövqe Azərbaycanın beynəlxalq arenada nüfuzunu gücləndirmək və qlobal problemlərin həllində aktiv iştirakçı olmaq əzmini ortaya qoyur. Həmçinin Azərbaycanın yalnız regionda deyil, eyni zamanda, qlobal miqyasda güc mərkəzi olmaq istiqamətindəki məqsədlərini nümayiş etdirir. BRICS inkişaf etməkdə olan ölkələr üçün geosiyasi balans yaratmağa xidmət edir. Bu platforma beynəlxalq səviyyədə Qərbin dominant olduğu strukturlara qarşı birgə fəaliyyət göstərmə imkanı yaradır. BRICS üzv ölkələrin qlobal qərar qəbuletmə prosesində daha çox səsə sahib olması üçün bir mexanizm yaradır".