Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, Misli Premyer Liqasında mübarizə aparan üç komanda - “Araz-Naxçıvan”, “Kəpəz” və “Səbail” mübarizəyə start verəcəklər.
Günün ilk matçı Sumqayıtda reallaşacaq. “Kapital Bank Arena”nın ehtiyat meydançasında MOİK “Şimal”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.
“Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Şahdağ Qusar”la, “Kəpəz” Tovuz şəhər stadionunda “Ağdaş”la münasibətlərini aydınlaşdıracaq. Hər iki görüş saat 16:00-da start götürəcək.
Saat 18:00-da isə “Dinamo” (Bakı) klubu “ASCO Arena”da “Səbail”i qəbul edəcək.
Bu raundun digər qarşılaşmaları oktyabrın 30-31-də təşkil olunacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçında "Turan Tovuz" “Hypers Guba”nı 7:2 hesabı ilə məğlub edərək, 1/8 finalda “Sabah”a rəqib olub.