Üzümçülüyün inkişafı ölkəmizdə kənd təsərrüfatının əsas istiqamətlərindən biri sayılır. Dövlət tərəfindən bu sahənin daha da inkişaf etdirilməsi və yeni üzüm bağlarının salınmasına marağı artırmaq məqsədilə dəstək mexanizmləri həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Unikal"a verilən məlumata görə, Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq üzüm bağlarının hər hektarına görə fermerlərə 8 min manat əkin subsidiyası ödəniləcək.
Səkkiz min manat birdəfəlik əkin subsidiyası Quba-Xaçmaz iqtisadi rayonu istisna olmaqla, digər rayonlarda süfrə üzüm sortlarından, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında texniki üzüm sortlarından olan tinglərin əkildiyi, sahəsi azı 2 hektar olan, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış üzüm bağlarına görə ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ilin sentyabrından bu ilin sentyabrına kimi salınmış üzüm bağlarının hər hektarına görə 700 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
2021-ci ilin sentyabrından əvvəlki tarixlərdə salınmış bağlara görə isə fermerlərə hər hektara 250 manat subsidiya ödəniləcək.
Yeni üzüm bağlarının salınmasının subsidiyalaşdırılması fermerlərin bağların salınmasına çəkdiyi xərcin bir hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir və bu dövlət dəstəyi mexanizmi ölkədə üzüm bağlarının sahəsinin genişlənməsinə əhəmiyyətli təsir göstərəcək.