Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs Şükürzadə Kamran Etibar oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilkin olaraq  Kamran Şükürzadənin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, K. Şükürzadə epilepsiya xəstəsidir və himayəsində 2 azyaşlı övladı var, ailəsindən boşanıb. 

Cinayət işində zərərçəkənin hüquqi varisi qismində təqsirləndirilən şəxsin bacısı  Aytəkin Həsənova tanınıb. 

İttiham aktına görə, Kamranın psixi problemləri olub. Ailəsindən boşandıqdan sonra anası ilə qalan Kamran tez-tez onunla mübahisə edirmiş. Cinayət hadisəsi də elə bu mübahisə olan zaman baş verib. 

Hakim Anar Sadıqov müşavirədən qayıtdıqdan sonra cinayət işinin baxışa verilməsi və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsi barədə qərar qəbul edib. 

Məhkəmə prosesinin ilkin baxış iclası noyabr ayının 27-nə təyin edilib.

Xatırladaq ki, bu il iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası  Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Seymur Əli