Noyabrın 18-də COP29 çərçivəsində Tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər.

"Unikal" xəbər verir ki, 6.8-ci maddə qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlim planlarını, o cümlədən mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır.

COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıq zamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutur. Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə daha çox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər.

Xatırladaq ki, COP29-un ilk günündə - noyabrın 11-də Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq, Tərəflər karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlar beynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyaların azaldılmasına imkan verəcək.