Noyabrın 21-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş “Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan Partiya” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının əməkdaşları, Ərazi partiya təşkilatının sədr və müavinləri, partiya veteranları və fəalları, YAP üzvlük vəsiqələrinin təqdim olunacağı gənclər, məktəblilər iştirak ediblər.                   

Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Təşkilatın iclas zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, dünyasını dəyişən partiya və təşkilat üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının, şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin şagirdləri Yeni Azərbaycan Partiyasına həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə yüksək siyasi fəallığına görə YAP Qazax Rayon Təşkilatının təsisçilərindən biri, 1999-2007-ci illərdə YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri və Yeni Azərbaycan Partiyasının I,II,III Qurultaylarında nümayəndə olmuş, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Nəbiyev Anar Telman oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Həmçinin, rayonun ictimai–siyasi həyatında fərqlənən fəal partiya üzvləri  YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə isə üzvlük vəsiqələri təqdim edilib.