22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
“Unikal” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının rəhbər heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən Ədliyyə Nazirliyinin əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə bütün ədliyyə işçilərini təbrik etdi. Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə hər il noyabr ayının 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu diqqətə çatdıran S.Mikayılov qeyd etdi ki, Azərbaycanda həyata keçirilən demokratik islahatlar, o cümlədən hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyəti bərqərar olmuşdur. Müstəqil Azərbaycan dövlətinin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlıdır. Ölkəmizdə aparılan demokratik islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilatın tamhüquqlu üzvü seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə ədliyyə orqanlarının cəmiyyətdə rolunu daha da artıraraq, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi, ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi, onun maddi-texniki bazasının modernləşdirilməsi sahəsində mühüm rol oynadığını diqqətə çatdırdı.
Tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi islahatlar davam etdirilərək əhaliyə elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Bu metodlar əsasında azad olunmuş ərazilərdə də səyyar qaydada ədliyyə xidmətləri təşkil edilir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi və məhkəmə-hüquq sistemi mütərəqqi islahatlar aparılmaqla təkmilləşmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə yeri və rolu əhəmiyyətli dərəcədə artmışdır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən bir neçə ədliyyə sistemi işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.