Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29,120.2.9-cu (ölümə cəhd) maddələri ilə təqsirli bilinən Vəliyeva Səbinə Mahir qızının məhkəməsinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində Hüseynzadə Fərid Həsən oğlu tanınıb.
İlkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, zərərçəkən Fərid Hüseynzadə Səbinə Vəliyevadan şikayətçi deyil. Sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra prosesə sədrlik edən Səbuhi Hüseynov cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərarı elan edib.
İttiham aktına görə, Səbinə Vəliyeva bu ilin yanvar ayında Suraxanı rayonunda kirayə qaldığı mənzildə qeyri-rəsmi yaşadığı Fəridə yatdığı yerdə bir neçə bıçaq zərbəsi vurub. Belə ki, hər iki şəxs içkili olub və gecə cinsi əlaqədə olublar.
Səhər qız yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və axşam olanlar tamam yadından çıxıb. Və qisas almaq məqsədi ilə bıçağa əl atıb.
Qeyd edək ki, 18 yaşı təzə tamam olmuş Səbinə əslən Qazax rayonundandır və valideyinlərindən küsərək Bakıya qaçıb və Fəridlə tanış olaraq onunla bir yerdə yaşamağa başlayıb.
Məhkəmə prosesinin ilkin baxış iclası dekabr ayının 10-na təyin edilib.
Seymur Əli