Bakı Agir Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinən Məmmədov Qoşqar Qəzənfər oğlu, Mirzəzadə Zaur Rəfail oğlu və İldırım Rasim Əli oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, proses iştirakçıları məhkəmənin zərərçəkmiş şəxs olmadan keçirilməsinə etiraz etməyib. Məhkəmədə onun nümayəndəsi Sadiq Rəsulov iştirak edirdi. Qoşqar Məmmədovun vəkili Nurlan Məmmədov müqavilə əsasında işə buraxılıb və şifahi vəsatət verərək bildirib ki, cinayət işinin materialları ilə tanış olmadığından müəyyən müddətə məhkəmə prosesinin təxirə salınmasını  istəyib. 
Zərərçəkmiş şəxsin nümayəndəsi Sadiq Rəsulov təqsirləndirilən hər üç şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib, ancaq Nurlan Məmmədov iş materialları ilə tanış olmadığından Sadiq Rəsulov vəsatətini müəyyən müddətə geri götürüb.

Məhkəmə prosesinin hazırlıq iclası 3 dekabr tarixinə kimi təxirə salınıb.

məlumata görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə İldırımzadə nəslindən olan Rasim İldırım, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib. 

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı-Balakən rayon sakini Hürü Əmiraslanovadır. 

H.Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. 

Təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımdır. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. R.İldırım qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksəkvəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Rasim İldırım Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib. 

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımın adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Seymur Əli