"Sabah sabiq komandama qarşı oynayacağam. Bu matçın mənim üçün xüsusi əhəmiyyəti var".

"Unikal" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yassin Benzia UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" klubuna qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Fransa təmsilçisinin oyun üslubunun illər ərzində dəyişdiyini bildirib: "Mən oynadığım dövrdə komanda daha yüksək performans nümayiş etdirirdi. İndi isə fərqlidir. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq istəyirik".

Əlcəzairli yarımmüdafiəçi "Qarabağ" kimi şərəfli klubun formasını geyindiyi üçün xoşbəxt olduğunu bildirib: "Həqiqətən də "Qarabağ" böyük komandadır. Buna görə də meydanda maksimum şəkildə gücümüzü göstərəcəyik. Müəyyən səbəblərdən komanda Bakıda məskunlaşıb. Sabah meydanda bu ad üçün döyüşəcəyik".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.