COVID-19 dağınıq sklerozun (Dağınıq skleroz (MS) mərkəzi sinir sisteminə təsir edən, geniş spektrli simptomlar və problemlərə səbəb olan xroniki autoimmun xəstəlikdir, - red.) inkişafı üçün risk faktoru ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə İsveçin Örebro Universitetinin alimləri araşdırma aparıblar. 

"Biz ağır COVID-19 keçirmiş insanlarda dağınıq sklerozun inkişaf riskinin artdığını aşkar etdik. Bununla belə, ağır koronavirus xəstəsi olan çox az sayda insana sonradan dağınıq skleroz diaqnozu qoyulur", - deyə  Örebro Universitetinin klinik epidemiologiya professoru Skott Montqomeri deyib. 

Skott Montqomeri 2020-2022-ci illər arasında İsveçdə xəstəxanaya yerləşdirilən koronavirusa yoluxmuş bütün xəstələrin tibbi qeydlərini nəzərdən keçirib. Nəticələr göstərir ki, ağır COVID-19 xəstəsi olan 100.000 xəstədən təxminən 26-sı sonradan dağınıq skleroz inkişaf etdirib. Bu, COVID-19 diaqnozu olmayan xəstələrin riskindən iki dəfə çox olub. 

Professor, şiddətli koronavirusdan sonra dağınıq skleroz diaqnozu qoyulan insanların sayının pandemiyadan sonrakı illərdə artacağından şübhələnir.

"Dağınıq skleroz diaqnozunun qoyulması 10-20 il çəkə bilər. COVID-19-un dağınıq sklerozun nə dərəcədə əhəmiyyətli bir səbəbi olduğu bir neçə ildən sonra daha aydın olacaq. Ümid edirəm ki, bu tədqiqat təsirə məruz qalanlarda dağınıq sklerozun erkən diaqnozuna gətirib çıxaracaq. Və bu xəstəliyin erkən müalicə başlanılacaq",- o, izah edib.  

Gülayə Mecid