"Qərbi azərbaycanlılara qarşı törədilmiş cinayət əməllərini şərti olaraq istintaq dövründə 4 mərhələyə bölmüşük. Bu, 1905-1907, 1918-1920, 1947-1953, 1987-1991-ci illərdə törədilmiş cinayətlərdir. Bu dövrlərdə törədilmiş hər bir əməllər üzrə böyük sayda azərbaycanlı qətlə yetirilib və məcburi köçkünlüyə məruz qalıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini Qasım Məmmədov deyib.
Onun sözlərinə görə, təkcə 1987-1991-ci illərdə törədilmiş cinayətlər nəticəsində 250 mindən artıq Qərbi azərbaycanlı öz tarixi torpaqlarından köçürülməyə məruz qalmışlar:
"O cümlədən, istintaq materialları ilə 216 nəfər şəxsin bu proseslər əsnasında qətlə yetirilməsi müəyyən olunub. İstintaqın hazırkı mərhələsində 6522 nəfər şəxsin dindirilməsi təmin olunub. Onların zərərçəkmiş şəxs qismində tanınması təmin edilib. Bəzi hallarda vəfat etmiş şəxslərin hüquqi varisləri zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb. O cümlədən, 216 nəfər qətlə yetirilmiş şəxsin qətlə yetirilmələrini təsdiq edən ifadələri özündə əks etdirən şəxslərin dindirilməsi təmin olunub. Cinayət işinin istintaqının əhəmiyyəti həm də ondadır ki, bu günə qədər bu sahədə olan müxtəlif sübutlar və tədqiqat nümunələri ayrı-ayrı qurumlarda, tarixçilərdə və ya araşdırmaçılarda olduğu halda, hazırkı mərhlədə biz bu cinayətlərin törədilməsini təsdiq edən mötəbər sübutların vahid mərkəzdə, cinayət işi materillarında toplanmasına çalışırıq. Eyni zamanda müxtəlif xarici ölklərə qeyd edilən cinayət hadisələri ilə əlaqədar məlumatların əldə olunması üçün beynəlxalq hüquqi yardımlar göndərilib, bir sıra hallarda zəruri sənədlər əldə olunub. Təkcə 1987-1991-ci illərdə törədilmiş əməllər üzrə deyil, o cümlədən əsrin əvvəllərində törədilmiş əməllər üzrə xarici ölkələrin mətbuat qurumlarında dərc olunmuş ermənilərin Qərbi azərbaycanlılara qarşı törətdikləri cinayətləri özündə əks etdirən mötəbər sübutlar əldə olunaraq iş materillarına əlavə olunub. Bu istiqamətdə istintaq tədbirləri davam etdirilir və gələcəkdə də ictimaiyyət məlumatlandırılacaq".
Anar Kəlbiyev