“SalamNews” informasiya agentliyi və “İnterAz” kanalının rəhbəri olmuş Mətləb Bağırovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.

Onlar Mətləb Bağırovun evində və iş yerində aparılan əməliyyat-axtarış tədbirlərində iştirak etdikərini, baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini söyləyiblər. Daha sonra şahid qismində Fərid Hüseynov ifadə verib. O bildirib ki, Mətləb Bağırov bacısının əridir. Onun sözlərinə görə, Mətləb Bağırovla birlikdə Cəlilabad rayonundan Bakıya gəliblər: "Qaradağ postunda maşını saxladılar. Polis əməkdaşı məndən sənədləri istədi. Sənədləri verəndə nə məsələ olduğunu soruşdu. Həmin vaxt Mətləb Bağırov maşında idi. Sonra bizi polis idarəsinə apardılar. Oradan da məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Məni inzibati qaydada həbs etdilər, 30 gün həbsdə saxlanıldım. Mətləb Bağırova narkotik ittihamı verildi. Mətləb Bağırovun narkotiklə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur". Daha sonra şahid dövlət ittihamçısının suallarını cavablandırdı. Sorğu- sual zamanı məlum olub ki, şahid Mətləb Bağırovun rəhbərlik etdiyi media qurumunda operator işləyib. Həmçinin sualları cavablandıran şahid bildirib ki, Mətləb Bağırovun göstərişi ilə bir neçə nəfərdən pul alıb və həmin pulları ona çatdırıb:

"Mən həmin pulların nə üçün olduğunu bilməmişəm. Onu bilmişəm ki, aralarında biznes münasibəti olub. Mən pulu götürdüyüm şəxsdən də bu barədə heç bir söz sorşurmamışam. Pul köçürən şəxslərdən heç kimi tanımamışam. Mən bildirim ki, Mətləb Bağırovun Türkiyədə olan tanışı Tural adlı şəxs deyirdi ki, Mətləb Bağırova çatacaq pulu filan şəxsə versin. Mən bunu dəqiq bilmirdim. Bunu Tural və Mətləb Bağırov bilirdi. Mənə pulu verdilər, mən də aparıb çatdırırdım. Mən Mətləb müəllimin qazancını götürmüşəm. Tural mənə deyirdi, mən də pulu götürürdüm".

Vəkil Vasif Mirzəyevin suallarını cavablandıran şahid bildirib ki, Qaradağ postunda saxlanılan zaman bir zarafat olduğunu başa düşüb, buna görə də həmin polis əməkdaşını kənara itələyib: "Amma kənardan da gələn oldu. Bundan sonra əməliyyat olduğunu başa düşdüm. Sonra Mətləb Bağırovu polis idarəsinə apardılar". Dövlət ittihamçısı bildirib ki, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər var. O, şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan olunmasını istəyib. Məhkəmə dövlət ittihamçısın təklifini nəzərə alaraq onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Şahid Fərid Hüseynov istintaqa verdiyi ifadəsində göstərib ki, Mətləb Bağırovun tapşırığı ilə Türkiyə vətəndaşı Hüseyin Kefsiz, Anar adlı şəxs və digərlərindən pulları qəbul edib və bunun qeydlərini özlərində aparıb:

"Mən bu pulun nə olduğunu bir neçə dəfə soruşsam da, Mətləb Bağırov mənə "işinlə məşğul ol, sürücüsən, sürücü işinlə məşğul ol" deyə cavab verib. Buna görə də bir neçə dəfə Mətləb Bağırov ilə mübahisələrimiz olub. Bir dəfə də işdən ayrılmışam, amma iş tapa bilmədiyim üçün işə geri qayıtmışam". Şahid qeyd edib ki, Türkiyə vətəndaşından və Anar adlı şəxsdən hər ay 10-50 min ABŞ dolları arasında pul alıb. Onun sözlərinə görə, həmin pullar xaricdən gətirilib. Şahid həmin ifadəsini təsdiq etməyib. Bildirib ki, pulların hansı mənbədən gətirilməsindən məlumatı olmayıb. Sualları cavablandıran şahid qeyd edib ki, bu proses 10-15 il ərzində olub. Bildirib ki, Mətləb Bağırovun çanta biznesi də olub, bu yolla da pullar gəlib. Dövlət ittihamçısı "Burada 2 milyon manatdan söhbət gedir, bunların hamısı çantadan gələn gəlir ola bilməzdi" sualları verilib. Şahid isə bildirib ki, daxil olan məbləği dəqiq bilməyib.
Növbəti proses 2025-ci il yanvarın 6-da keçiriləcək.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. O, ötən il yanvarın 30-da həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mətləb Bağırova Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma), 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Seymur Əli