Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi olmuş Çingiz Mehdiyevin məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq şahid qismində Zaur Melikaslanov ifadə verib: "Mən, Bakı Şəhər Halqası Əməliyyat Şirkətində Təchizat şöbəsinin 2019-cu ilə kimi direktoru olmuşam. Vaxt məhdud olduğundan bizə icazə verilmişdi şirkətlərlə əməkdaşlıq edib müqavilə bağlayaq. Biz də "Dayton İnvestment LTD" şirkəti ilə 2016-cı ilin may ayında müqavilə bağladıq. Təcrübəsi olan bir şirkət idi. Endryu adlı şəxslə yazışma apardıq. Həmin şirkəti bizə Çingiz Mehdiyev təklif etmişdi. Forma, gödəkcələr və digər mallar sifariş vermişdik həmin şirkətə. Qiymətləri Endryu müəyyənləşdirirdi. Əmin idim ki, sifariş verdiyimiz mallar hamısı xaricdən gəlir, spesifik mallar idi. Malların pulu təhvil-təslim olandan sonra ödənilirdi. Mən ümumiyyətlə büdcəyə baxmırdım. Çingiz Mehdiyevin sərəncam vermək səlahiyyəti yox idi. Direktordan başqa sənədlərə maliyyə və təchizat şöbəsinin müdirləri imza edə bilirdi. Hesablama Palatasının rəyində Dayton şirkətinin qiymətlərinin baha olması ilə bağlı hər hansı rəy yazılmamışdı. Bu işləri Çingiz Mehdiyevə kimin etibar etməsi yadımda deyil.
Təqsirləndirilən şəxs Çingiz Mehdiyev şahidin ifadəsində bəzi məsələlərə aydınlıq gətirdi: "Biz Formula yarışından qabaq başqa ölkələrdə olan yarışlara, misal üçün Abu- Dabiyə, Sinqapura, İspaniyaya gedirdik. Orada təcrübə mübadiləsi aparırdıq, malların qiymətini soruşurduq. Sonra Zaur müəllim mənə deyirdi sən həmin şirkətlərin qiymətlərini araşdır. Siz bilirdiz həmin malların sifarişi əvvəldən olmalı idi və pul da əvvəlcədən ödənilməli idi. Bu barədə nə deyə bilərsiz?"
Şahid bu suala cavab vermədi.
Hakim: "Niyə siz öz vəzifənizi yerinə yetirməyib həmin vəzifəni Çingiz Mehdiyevə həvalə edirdiniz? Bu bir başa sizin səlahiyyətlərinizə aid idi, bilirsiz?"
Vəkil Faiq Nağıyev: "Zavoda həmin malları sifariş verdinizmi. Və yaxud sifariş versəydiniz ala biləcəkdiniz?Bir müqavilə üçün nə qədər zaman itirirdiniz?"
Hakim Leyla Əsgərova-Məmmədova vəkilin suallarını protokoldan çıxartdı.
Hakim təqsirləndirilən şəxsin vəkillərinə vəsatət verməyə icazə vermədi.
Məhkəmə prosesi 13 yanvar tarixinə kimi təxirə salındı.
Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib. İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Seymur Əli