Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı tərəfindən “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə “Həmrəyliyimiz milli birliyimizdir: İlham Əliyev Dünya Azərbaycanlılarının Lideridir!” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qeyd edib ki, Heydər Əliyev yolunun Müzəffər davamçısı kimi Prezident İlham Əliyevin sosial-iqtisadi tərəqqiyə, ölkəmizin hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə, mili həmrəyliyin möhkəmlənməsinə yönəldilmiş uzaqgörən siyasəti Azərbaycanın haqq işinin Zəfərlə yekunlaşmasında həlledici rol oynayıb. Bu gün Azərbaycan dünyada inkişaf diyarı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı, qalib və qüdrətli dövlət kimi tanınır.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov 1991-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən Həmrəylik Gününün əhəmiyyətindən bəhs edib. A.Xudadanov xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, 4 il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu deyib.
Daha sonra bir qrup partiya fəalına fəxri fərman, diplom və yubiley hədiyyələri təqdim edilib.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbir bədii hissə ilə davam edib.