İstanbulda Türkiyə musiqisinin olduqca sevilən nümayəndələrindən biri, bəstəkar, yazıçı, film rejissoru və aktyor Fərdi Tayfurla vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasim İstanbulun ən böyük mədəniyyət məkanlarından olan Atatürk Mədəniyyət Mərkəzində baş tutub.
Böyük izdihamın yaşandığı vida mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy başda olmaqla bir sıra dövlət rəsmiləri, incəsənət xadimləri və digərləri iştirak ediblər.
Fərdi Tayfurla bağlı fikirlərini bölüşən nazir bu sənətçinin bir dövrün insanlarının kədərlərini bütün hissləri ilə dilə gətirdiyini, onun simasında bir adın ağırlığının hər şeydən önə keçdiyini gördüklərini, çox dəyərli bir sənətçini itirdiklərini deyib.
Sənətçi fəaliyyəti boyu 30-dan artıq musiqi albomu çıxarıb və 30-dan çox filmdə rol alıb.
Fərdi Tayfurun 1993-cü ildə İstanbulun Günhane parkında keçirilən konsertində 200 mindən artıq izləyici iştirak edib.
Xalq arasında “Fərdi baba” olaraq bilinən, əsil adı Ferdi Tayfur Turanbayburt olan sənətçi 1945-ci ildə Adana şəhərində dünyaya gəlib.
O, yanvarın 2-də Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.