M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir. 

Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilir ki, layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.

Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157.3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30.2 metr, 177.5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46.2 metr təşkil edir. 

Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14.5 metrdir. 

Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.

Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır.