İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Cənubi Qafqaza regional səfəri çərçivəsində Bakıya gəlib.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, İranın Ali Dini Rəhbərinin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian təhlükəsizlik diplomatiyası çərçivəsində və Cənubi Qafqaz ölkələri ilə siyasi-təhlükəsizlik əlaqələrinin gücləndirilməsi məqsədi ilə azərbaycanlı və erməni həmkarlarının dəvəti ilə bu ölkələrə səfər edəcək. İlk səfər Bakıya olub. 

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, İrəvanda isə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Siyasi, təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, o cümlədən enerji, dəhlizlər və Cənubi Qafqaz regionunda sülh və sabitliklə bağlı məsələlərdə qarşılıqlı əlaqələrin artırılması üçün məsləhətləşmələr bu səfərin məqsədlərindəndir.

Ağarza Elçinoğlu