Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasına əməl olunması və anklavın bərpası ilə bağlı məsələlərdə Rusiya hakimiyyətinin dəstəyinə ümid edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərəkatın İrandakı nümayəndəsi Xalid əl-Qəddumi məlumat yayıb. 

Onun sözlərinə görə, HƏMAS Rusiya Federasiyasını dost dövlət kimi qəbul edir.

"O, gələcəkdə Qəzza zolağında xalqımız üçün tərəfdaş ola bilər, onlara ölkənin yenidən qurulmasında kömək edə bilər və  əldə edilmiş razılaşmaya hörmət etməsi üçün İsrailə diplomatik və siyasi təzyiq göstərə bilər", - sözçü deyib. 

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. Döyüşlər İsrail və Fələstin hərəkatı arasında bağlanmış razılaşma çərçivəsində dayandırılıb.

Gülayə Mecid