Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal və uğurlu əməkdaşlıq etdiklərini deyib, bu çərçivədə qarşılıqlı dəstəyə əsaslanan əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev əməkdaşlığımızın cəlbedici sahələrinin müəyyənləşdirilməsinin də zəruriliyini qeyd edib.
Ölkəmizdə Afrikadan çoxsaylı tələbələrin təhsil aldığını deyən dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları təqdim etdiyini bildirib, qvineyalı tələbələrin də bundan yararlana biləcəklərini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın özünün ASAN və DOST xidmət təcrübəsini bir sıra ölkələrlə bölüşdüyünü qeyd edərək, bu sahədə Qvineya ilə də əməkdaşlıq imkanlarının olduğunu deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən səfir, ilk növbədə, Qvineya Respublikasının Prezidenti Mamadi Dumbuyanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvineya Prezidentinə çatdırmağı xahiş edib.
Səfir Umar Kande Qvineya Prezidenti və ölkəsi adından təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidentinə və xalqına başsağlığını çatdırıb.
Umar Kande ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduğunu deyib və ölkəmizlə strateji tərəfdaşlığın qurulacağına ümidvar olduqlarını bildirib. O qeyd edib ki, bu isə öz növbəsində xüsusilə də BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında müştərək təşəbbüslərin irəli sürülməsinə xidmət edəcək. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizdən məmnunluğunu ifadə edən səfir ölkələrimiz arasında təhsil, mədənçilik, elektron hökumət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Söhbət zamanı ölkəmizin aidiyyəti iqtisadi qurumları ilə birbaşa əlaqələrin yaradılmasının, iqtisadi əməkdaşlıq perspektivlərinin araşdırılmasının və onun inkişaf etdirilməsi üçün iqtisadi sahə üzrə nümayəndə heyətlərinin mübadiləsinin vacibliyi qeyd olunub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Qorazd Rençel ilk növbədə COP29-un uğurla keçirilməsi və əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bu konfransın hazırlıq işlərinə az müddət qalmasına baxmayaraq, Azərbaycan tərəfindən həmin tədbirin uğurla təşkil olunduğunu vurğuladı, COP29-un ölkəmizdə indiyədək keçirilən ən böyük beynəlxalq tədbir olduğunu məmnunluqla qeyd etdi. Sloveniyanın bu tədbirdə fəal iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı COP29-da təmsil olunan xeyli sayda ölkələr arasında konsesunun əldə edilməsinin önəminə toxundu, tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyinin irəli aparılması üçün səmərəli nəticələrin olduğunu vurğuladı.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin yaxşı tarixə malik olduğunu deyərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərini xatırladı və bu səfərlər zamanı müxtəlif istiqamətlər üzrə məhsuldar müzakirələrin aparıldığını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirdi.
Görüşdə Azərbaycanla Sloveniya arasında siyasi dialoqun dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq ifadə olundu, yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələrin və iqtisadi əməkdaşlıq məsələləri üzrə işçi qrupunun toplantısının keçiriləcəyi bildirildi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunacağı qeyd edildi.
Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda, həmçinin Transxəzər nəqliyyat dəhlizində mühüm rola malik ölkə olduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycanla Sloveniya arasında enerji sahəsində əməkdaşlığın inkişafına toxunuldu, Azərbaycan qazının Sloveniya bazarına çatdırılması əlaqələrimizin inkişafında mühüm addım kimi dəyərləndirildi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sloveniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.