Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikinti işləri sürətlə davam etdirilir.
"Unikal" xəbər verir ki, yeni görüntülərdə körpünün piltələrinin quraşdırılması işlərinin aparıldığı görünür.
Qeyd edək ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edəcək. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur. Körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi də nəzərdə tutulub.
4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə 1 metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir.